Quantcast
Channel: Laçın yurdu - Karabakhmedia.Az
Viewing all 23 articles
Browse latest View live

ŞƏHİDLƏR ölmürlər: Təkbaşına 20 qadını erməni əsirliyindən azad edən İlqar Allahyarov

$
0
0
ŞƏHİDLƏR ölmürlər: Təkbaşına 20 qadını erməni əsirliyindən azad edən İlqar AllahyarovŞəhidlərimiz bizim qürur mənbəyimiz, and yerimizdir

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

Vətən uğrunda canını fəda edən oğullarımızdan biri də Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı ilə təltif olunan şəhid İlqar Allahyarovdur.

Allahyarov İlqar Nurəddin oğlu 1968-ci ildə Laçın rayonunun Alıqulu kəndində doğulmuşdur. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra Moskva şəhərində hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildən Rayon Polis Şöbəsində işləmiş və rayonun işğalı ilə əlaqədar erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında fərqlənmişdir. Fərəcan, Ağanus kəndləri ərazisində mühasirəni yararaq ermənilərin girov götürdüyü 15-20 nəfər qadını təkbaşına azad etmiş, Laçının ilk şəhidlərindən olan Təvəkkülün meyitini döyüş bölgəsindən çıxarmışdır. Hoçaz yüksəkliyi uğrunda gedən döyüş zamanı düşmənin dörd tankını və xeyli texnikasını məhv etmişdir. Alxaslı kəndi ətrafında mühasirəyə düşən milli ordunun xeyli sayda əsgərini Qırmıq körpüsündən keçirərək xilas etmişdir.

1994-cü il fevralın 10-da Füzuli bölgəsində gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 saylı sərəncamı ilə Azərbaycan polisi günü münasibətilə, Azərbaycan Res-publikasında cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə cəsarət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Allahyarov İlqar Nurəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

"Laçın yurdu" jurnalı, №2(9), 2013

_____________________________________________________________________________________________________

"Eli- obası pərən- pərən düşən insanlardan biri də mənəm"— Mahir Abbaszadə ilə MÜSAHİBƏ

$
0
0
"Eli- obası pərən- pərən düşən insanlardan biri də mənəm" — Mahir Abbaszadə ilə MÜSAHİBƏMahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib. Ehtiyatda olan zabitdir. 15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İxtisasca iqtisadçıdır, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. İngilis, rus, türk dillərini bilir. Ailəlidir, 3 övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib. 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

– Mahir müəllim, Azərbaycan parlamentinə bu il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədliyiniz Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Xeyirli-uğurlu olsun. Seçkiqabağı əhvali-ruhiyyəniz necədir?

– Həm yerlərdə, həm də sosial şəbəkələrdə mənə göstərilən isti münasibət, insanların içdən gələn xoş arzular ifadə etməsi, eyni zamanda, bir komanda şəklində bu prosesdə iştirakımız bizdə kifayət qədər nikbin seçkiqabağı əhvalın formalaşmasına səbəb olub. Təbii ki, 4 il yarımlıq parlament fəaliyyətim və insanlarla səmimi ünsiyyətim seçicilərlə münasibətimizin yüksək səviyyədə qurulmasında mühüm rol oynamaqdadır. Həmçinin, rayon ziyalılarının, ağsaqqallarının, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının, gənclərin bu prosesə böyük həvəslə qoşulması məndə ikiqat müsbət əhvali-ruhiyyə yaratmaqdadır. Səsvermə günü yaxınlaşdıqca, insanların seçki prosesinə olan müsbət münasibəti aydınlaşdıqca bizdə əminlik yaranır ki, 2015-ci ildə olduğu kimi, bu dəfə də seçicilərin mütləq əksəriyyətinin səsini qazana biləcəyəm.

– Milli Məclisə seçkilərin vaxtının irəli çəkilməsini, Sizcə, hansı səbəblər zəruri etdi?

– Ümumiyyətlə, seçki prosesi ölkənin həyatında tarixi hadisədir. Tarixi hadisənin yetişməsi üçün həmin dövrün şəraiti mütləq qiymətləndirilməlidir. Xatırladım ki, 2018-ci ilin aprel ayında yenidən Azərbaycan Prezidenti seçilərkən cənab İlham Əliyev ölkənin yeni bir dönəmə daxil olduğu, islahatların daha da dərinləşdiriləcəyi barədə mesajlar verdi. Müstəqillik əldə etdikdən sonra ölkəmiz həyatın bütün sahələrində zəngin bir tarixi yol keçib. Amma düşünürük ki, sürətlə dəyişən dünyada yeni modellər üzərində işləməyə zərurət yaranıb. Artıq informasiya-kommunikasiya texnologiyaları bütün sahələrdə həyatımıza çox sürətlə daxil olmaqdadır. Dövlət idarəetməsində də tamamilə başqa münasibətlər formalaşmaqdadır. Ölkə başçısının rəhbərliyi ilə mərkəzi icra hakimiyyəti orqanlarında aparılan struktur islahatları kadr dəyişikliklərini də əhatə etməkdədir. Yerli icra strukturlarına da təsir göstərən bu islahatlar nəticəsində gənc kadrlar yerli idarəetmə orqanlarına rəhbər vəzifələrə gətirilməkdədir. Cənab Prezidentin sərəncamına əsasən, ölkənin hüquq-mühafizə orqanlarında da islahatlar başlayıb, yeni məhkəmə institutları yaranmaqdadır. İlk dəfə olaraq özəl və alternativ ekspertiza institutunun yaranması Azərbaycanın hüquqi həyatında çox mühüm bir hadisədir. Hakimiyyətin 3-cü qolu sayılan qanunverici orqan da bu islahatlara adekvat olmalıdır.

Düşünürük ki, möhtərəm cənab Prezidentin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüslə çıxış etməsi bu adekvatlığı təmin etmək məqsədi daşıyır. Bunun üçün, həmişəki kimi, demokratik seçkilər keçirilməli, vətəndaşlar öz iradələrini ortaya qoymalıdırlar və yeni bir parlament formalaşmalıdır. Xüsusilə də, ölkə rəhbərinin qeyd etdiyi kimi, gəncliyə daha çox yol verilməlidir. Hakim partiyanın parlamentdə görmək istədiyi və vətəndaşların seçiminə verdiyi namizədlərin siyahısına baxsanız, görərsiniz ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiq etmiş gənclərin irəli çəkilməsi ilə bağlı mühüm bir jest var. Ona görə də bu qənaətə gəlirik ki, bütövlükdə ölkədə aparılan islahatlara uyğun yeni bir parlamentin formalaşması dövrün, zamanın tələbidir. Yəni ölkə rəhbərinin seçki ərəfəsində əhaliyə verdiyi mesajların tərkib hissəsidir və hesab edirəm ki, yeni formalaşacaq parlament özü ilə Azərbaycanın siyasi həyatına yeniliklər gətirəcək. Bu baxımdan növbədənkənar parlament seçkiləri zərurət idi və artıq seçkinin astanasındayıq.

– İlk dəfə deputat seçilərkən parlament fəaliyyətiniz üçün müəyyənləşdirdiyiniz meyar və prinsiplərdə, dörd il yarımlıq təcrübədən sonra, hansısa dəyişikliklər varmı?

– Deyim ki, əsas ana xətt dəyişmir. Ana xətt Azərbaycan dövlətinə xidmətdir. Mənə səs verib Milli Məclisin tribunasını əldə etməyə kömək göstərmiş şəxslərin, konkret olaraq seçicilərin diqqətində qalmaq, onları parlamentdə ləyaqətlə təmsil etmək, mənsub olduğum rayonun, elin-obanın müsbət xüsusiyyətlərini parlamentə daşımaq fəaliyyətimin əsas ana xətlərindən olub. Xatırlayırsınızsa, 2015-ci ildə parlament seçkilərinə gedərkən bütün seçicilərimin qarşısında onların əlçatan deputatı olacağıma söz vermişdim. Mənə elə gəlir ki, biz 4 il yarımlıq dönəmdə bu ana xətti qoruyub saxlaya bildik. Həm dövlətə sədaqət, həm millətə xidmət, eyni zamanda seçiciyə əlçatanlıq prinsipinə sadiq qaldıq. Haqqımda deyilən fikirlərdən də belə qənaətə gəlirəm ki, bunu edə bilmişəm. Əgər Yeni Azərbaycan Partiyası, nəzərə alsaq ki, sədri də cənab Prezidentdir, mənim namizədliyimi yenidən dəstəkləyirsə, bunu mənə göstərilən yüksək etimad kimi dəyərləndirirəm. Sualınızın digər hissəsinə cavab olaraq bildirim ki, parlamentin görünən və görünməyən tərəfləri var. Mənim 2015-ci ilə qədər parlament fəaliyyətim olmayıb. Ancaq seçicilərin mütləq əksəriyyətinin səsi ilə parlamentdə təmsil olunandan sonra artıq onun mətbəxini öyrənməyə başladım. Əmin oldum ki, hər şey heç də kənardan göründüyü kimi deyil. Parlament də bu cəmiyyətin ayrılmaz hissəsidir. Bəzən adi həyatımızda arzu və istəklərimizlə imkanlarımız üst-üstə düşmədiyi kimi, orada da arzu və istəklərlə imkanlar həmişə üst-üstə düşmür. Məsələn, mən ixtisasca iqtisadçıyam. Ola bilər ki, hansısa məsələyə yanaşmam fərqlidir, yəni həmin məsələnin hüquqi tərəfi, mədəni tərəfi anındaca diqqətimi çəkməz. Amma qanunlar çərçivəsində mən seçicilərimin istək və arzularını həyata keçirməyə borcluyam. Eyni zamanda baxışlarım təmsil olunduğum partiyanın siyasəti ilə, mənə etimad göstərib parlamentə gətirən insanların istək və arzuları ilə uzlaşmalıdır. Həmçinin, özünün şəxsi düşüncələrin, qabiliyyətin deputatlıq fəaliyyətini tamamlamalıdır. Yəni ortaq bir təmas nöqtəsi tapılmalıdır ki, qəbul olunan qızıl xətlə gedəsən və nəticədə dövlətə sədaqətini, seçicinə diqqət və qayğını, Vətənə olan sevgini göstərə biləsən. Mənim üçün ən yaddaqalan, ən unudulmaz, həmişə qürur mənbəyi olacaq məqam ondan ibarətdir ki, parlamentdə fəaliyyət göstərdiyim dövrdə danışa bilməyən deputat sindromunu aradan qaldıra bilmişəm. “Biz istəyirik ki, seçdiyimiz şəxsin səsi Azərbaycan mətbuatından, televiziyasından gəlsin” – deyən insanların ümidini doğrulda bildim. Laçın rayonundan seçilmiş bir deputat olaraq ilk dəfə Azərbaycan parlamentindən xaricə gedən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərə bilmişəm. Xarici beynəlxalq təşkilatlarda Laçın rayonunun işğalı ilə bağlı ən ümdə məsələlərin həll olunması, bu torpaqların həqiqətən Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq konfranslarda fikirlərimi söyləyə bilmişəm. Bu mənim parlament həyatımda yadda qalan illərdir ki, bu illər ərzində bunları həyata keçirdikcə düşünmüşəm ki, seçicələrimin sosial sifarişi də məhz bununla bağlı idi. Çünki seçicilərin isti münasibətindən də bunu hiss etməkdəyəm. Parlament həm də Azərbaycan cəmiyyətinin bir hissəsidir, ona görə də cəmiyyətdə baş verən hadisələr parlamentdə hansısa formada öz əksini tapır. Eyni zamanda parlamentin özünün də daxili mətbəxi var ki, müəyyən bir çərçivə daxilində hüquqlarının, səlahiyyətlərinin, təmsilçiliyinin hüdudlarını anlaya bilirsən. Bundan sonra qalır məsələlərə öz şəxsi nüfuzun, fərdi mövqeyin nöqteyi-nəzərindən müdaxilə edə bilmək bacarığın. Allahımdan ona görə çox razıyam ki, parlamentə qədəm qoymamışdan öncə ictimaisiyasi həyatda fəal olmuşam, insanlarla yaxşı təmaslar qurmuşam. Bütün bunlar deputat fəaliyyətim dövründə müəyən arzu və istəklərimizin həyata keçirilməsində böyük rol oynayıb.

– Laçınlı seçicilərin əsas narahatlıqlarından biri də onları təmsil edən deputatların fəallığı ilə bağlı olub. Bu barədə soruşmaq istədiklərimizə qismən cavab verdiniz. Öz üzərinizdə ictimai nəzarətin olduğunu hiss edirdinizmi?

– Biz Milli Məclis binasının içərisində deputatıq. Cəmiyyətə, el-oba arasına çıxanda isə adi insanlardan biriyəm. İstər parlamentdə və televiziyalarda çıxışlarım, istər müxtəlif tədbirlərdə iştirakım və xarici təşkilatların təmsilçiləri ilə görüşlərim zamanı, istərsə də adi həyatda həmişə bu düşüncədə olmuşam ki, 76 min əhalisi olan bir rayonu parlamentdə təmsil edirəm. Seçicilərimin nəzər-diqqətini həmişə öz üzərimdə hiss edərək çalışmışam ki, onların görmək istədiyi bir deputat ola bilim. Fikirlərin müxtəlifliyinə təbii baxıram. Amma istərdim ki, mənə olan fərqli baxışlar mənim ictimai-siyasi fəaliyyətimə, hansısa məsələyə olan münasibətimə olan fərqli baxış kimi görünsün.

– Sizə elə gəlmirmi insanlarımızın millət vəkillərindən gözləntiləri həddindən artıq çoxdur? Hətta cəmiyyət torpaqlarımızın işğaldan azad olunmasını da daha çox deputatlardan umur. Bu cür yanaşma normaldırmı?

– Buna normal baxmaq lazımdır, çünki cəmiyyətin sifarişidir. İnsanların Qarabağ problemi, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı narahatlığı başa düşüləndir. Ötən 27-28 il kiçik bir dövr deyil. Artıq nəsil dəyişmək üzrədir. Amma, gəlin, məsələyə bir qədər ədalətli, real yanaşaq. Bu tip məqalələri, şərhləri oxuyanda, ilk baxışdan çox populyar görünən fikirlərə nəzər yetirəndə məndə, istər-istəməz, bəzi suallar yaranır. Soruşmaq istəyirəm, parlament Qarabağı kimdən tələb etməlidir? Əgər bu parlament Azərbaycan Respublikasının parlamentidirsə, ölkənin Prezidenti, Xarici İşlər Nazirliyi, səfirlikləri, parlamentimizin Avropa Şurasında, Avropa İttifaqında, ATƏT-in Parlament Assambleyasında, İslam Konfransı Təşkilatında, Müstəqil Dövlətlər Birliyində olan nümayəndə heyətləri bütün beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyon 200 mindən artıq qaçqın və məcburi köçkünlərimizlə bağlı məsələləri bir nömrəli problem kimi önə çəkirsə, Azərbaycan parlamenti Qarabağı kimdən tələb etməlidir? Parlament deputatı ölkə rəhbərindən, digər dövlət orqanlarından nəyi tələb etməlidir? Ölkə rəhbəri qatıldığı hansı tədbirdə, görüşdə torpaqların işğaldan azad olunması ilə bağlı çıxış etmir ki? Baxın, cənab Prezidentin bütün çıxışlarının əsas qayəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasıdır. Dünyanın ən böyük təşkilatlarında bu məsələlər qabardılır. O ki qaldı parlamentdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasına, hələ Ulu Öndərin dövründə bu məsələ parlamentdə dəfələrlə müzakirəyə çıxarılıb. Məsələnin həlli prosesinin bir neçə variantı – siyasi, siyasi-iqtisadi, iqtisadi-hərbi tərəfi müzakirə edilib. Məlum faktdır ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan dövlətinin apardığı siyasətin, xüsusilə də, xarici siyasətin mərkəzindədir. Amma deputatın torpaqların işğaldan azad olunmasını Azərbaycan dövlətindən tələb etməsinin məntiqini özüm üçün hələ də aydınlaşdıra bilmirəm. Axı biz kimdən nəyi tələb edirik? O nöqteyi-nəzərdən bəzi adamların bu cür münasibəti qeyriciddidir. Xüsusilə də, bu məsələdə əhalisi məcburi köçkün olan rayonlardan seçilən deputatları torpaqlarımızı tələb etməməkdə suçlamaq kökündən yanlışdır. Mən özüm Laçın rayonundanam, məcburi köçkünəm. O yanan evin bir sahibi də mənəm. O dağılan bağ-bağatın bir sahibi də mənəm. Babasının, dədəsinin, nənəsinin, anasının qəbri işğalda qalan adamlardan biri mənəm. Məktəbi dağılan insanlardan biri mənəm. Bağçası dağılan insanlardan biri mənəm. Xəstəxanası dağılan insanlardan biri mənəm. Eliobası pərən-pərən düşən insanlardan biri mənəm. Kim deyə bilər ki, kimsə vətənini məndən daha çox sevir və yaxud mən ondan çox sevirəm?! Heç kəs bu iddiada ola bilməz. Torpaq işğaldan azad olunanda ən çox sevinən insanlardan biri də mən olacağam. Xəyal məni aparıb haralara çıxarmır ki?! Yay gələndə millət vəkilləri uşaqlarını götürüb öz rayonlarına getdikləri halda, biz öz rayonumuza gedə bilməməyin acısını yaşayırıq. Əlbəttə, bu, paxıllıqdan doğan həsəd deyil, yurd nisgilinin göynərtisidir. Yəni hər bir insan o hissi öz içində keçirir, istər deputat olsun, istər icra başçısı olsun, istər nazir olsun, istər varlı olsun, istər kasıb olsun, müəllim olsun, həkim olsun. Hansı sənətin sahibi olmasından asılı olmayaraq bizim hamımızın bir vətən həsrətimiz var. Torpaqların işğal altında qaldığını nəinki mənim, vətən həsrəti ilə yaşayan insanların heç birinin yadına salmağa ehtiyac yoxdur.

– Ötən müsahibələrinizdə də demişdiniz ki, deputatlıq da, vəzifə də gəldi-gedərdir, laçınlılıq isə daimidir. Yenə də öz aktuallığını qoruyan bu fikirlərə nəsə əlavə edərdinizmi?

– Siyasi mübarizənin ruhundan irəli gələn məsələ ondan ibarətdir ki, müəyyən qütbləşmələr olur. Çox şükürlər olsun ki, biz hələ 2015-ci il seçkilərində bu qütbləşməni minimuma endirməyi bacardıq. Keçən dəfə də demişəm, bu gün də deyirəm, eyni seçki dairəsində mənimlə bərabər mübarizəyə qoşulan insanlara da çatdırılmasını istəyirəm ki, bu mübarizə müvəqqətidir. Ən vacibi eyni yerdən, eyni obadan, eyni yurddan olmaq təəssübkeşliyimizi, düşüncəmizi itirməməkdir. Çünki biz istəsək də, istəməsək də, sabah istənilən qeyri laçınlının, Allah bizə həmişə şadlıq qismət eləsin, xeyrində-şərində qarşılaşan, bir-birimizə salam verən insanlarıq. Hətta özümüzün yaxşı münasibətlərimiz olmasa belə, dostlarımızın, doğmalarımızın kəsişən nöqtələri çoxdur. Hər birimiz yaxşı bilirik ki, bizim aramızda olan bu mübarizə yalnız siyasi mübarizədir və fevralın 9-da bitəcək.

– Həm əhalisi məcburi köçkün rayonlardan birinin deputatı olmaq, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsini icra etmək çətin deyil ki? İşlərinizi necə tənzimləyirsiniz ki, bütün məcburi köçkünlər, o cümlədən seçiciləriniz daha çox faydalana bilsinlər?

– Bəli, 2018-ci ilin noyabr ayında mənə yeni bir etimad göstərildi. Həmin vaxtdan deputatlıq fəaliyyətimlə yanaşı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsini də ictimai əsaslarla icra etdim. Təbii ki, bu bizi seçən insanlara, bizə etimad göstərən insanlara xidmət etmək üçün əlavə imkanların verilməsi demək idi. Düzdür, fond direktoru olaraq işğal altında olan bütün rayonların əhalisinə xidmət göstəririk. Söz yox ki, məcburi köçkünlük, qaçqınlıq həyatı yaşayan insanların hər birinin problemi ilə məşğuluq və bu məsələdə ayrı-seçkiliyə yer yoxdur. Amma bu vəzifənin mahiyyəti elədir ki, bütün hallarda eyni kateqoriyaya aid olan insanların problemlərini daha yaxından öyrənmək imkanı qazanırsan. Mövcud problemləri həll olunan insanların arasında səni seçən, sənə etimad göstərən insanları da görmək adamı ikiqat sevindirir. Bir də bu vəzifəni icra etmək mənə ona görə rahatdır ki, bu sahədə olan problemlərlə yaxından tanışam. Yəni bu həyatı mənə izah etməyə ehtiyac qalmır. Çünki bu həyatı özüm yaşamış biriyəm. Deyirəm ki, mənə yataqxanada başına su daman məcburi köçkün haqqında heç kim danışmasın. Çünki o başına su damanın biri mənəm. Hansısa bir məcburi köçkün anasının, bacısının növbəliklə yataqxananın dəhlizini təmizləməsini də mənə xatırlatmayın. O ananın, o bacının biri də mənim anam-bacım olub. Yəni bu həyatın bütün acılarını, bütün çətinliklərini görmüş biriyəm. Bu baxımdan iç-içə olduğun problemin həlli üçün ürəyini qoyursan, eyni zamanda imkanların arzularınla üst-üstə düşdüyü üçün, kimlərisə sevindirə bildiyin üçün ikiqat-üçqat rahatlıq tapırsan. Mən sizdən heç gizlətməyəcəyəm. 2015-ci ildə mən parlament seçkilərinə qatılanda siz də, təbii ki, bizimlə bir yerdəydiniz. O zaman Ağcabədinin Taxtakörpü qəsəbəsində məcburi köçkünlərlə görüşmüşdüm və bu insanların nə qədər ağır şəraitdə yaşadıqlarının şahidi olmuşdum. Seçki ərəfəsində də, parlament seçkilərindən sonra da mənə seçicilərin arzu və istəklərini çatdırmışdılar. Həmişə düşünürdüm ki, ilk növbədə eyni arzuları ümumiləşdirib həyata keçirək. Məsələn, Masazırda yerləşən Çıraqlı kənd orta məktəbi üçün yeni binanın tikilməsi ilə bağlı mənə müraciət olunmuşdu. Maliyyə nazirindən xahiş etdim, məsələ müsbət həllini tapdı. Məni ən çox narahat edən isə Taxtakörpünün acınacaqlı vəziyyəti idi. Eyni zamanda mən rayonların məskunlaşma səviyyəsinə baxanda görürdüm ki, yeni binalarda məskunlaşanlar arasında ən az Laçın rayonundan olan sakinlərdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri olmaq mənə əlavə bir imkan verdi ki, ümumi mənzərə ilə daha yaxından tanış olum. Bir il bundan öncə Ağcabədinin Taxtakörpü ərazisində 645 evdən ibarət yeni bir qəsəbənin tikintisi ilə bağlı cənab Prezidentin tapşırığını uğurla həyata keçirərək bu il açılışını etdik. Artıq orada 3 böyük məktəb, eyni zamanda uşaq dünyaya gətirmək üçün xüsusi palata ilə təmin olunmuş xəstəxana fəaliyyət göstərir. Allaha min şükürlər olsun ki, neçə illərdir ürəyimdə gəzdirdiyim bir arzu da gerçəkləşdi və bu problemi də həll edə bildik. Laçın rayonunun orta məktəbləri, bağçaları, xəstəxanaları və rabitə qovşağının yeni müasir binalarda yerləşdirilməsi də son 4 il yarımlıq fəaliyyətimizin bir hissəsidir. Yeni mənzillərlə təmin olunan laçınlı məcburi köçkünlərin sayında da nəzərəçarpacaq artım var. Xatırladım ki, bütün bunlar ölkə başçısının rəhbərliyi ilə qəbul edilən Dövlət Proqramı əsasında həyata keçirilir. Bu nöqteyi-nəzərdən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olmağım bu problemlərin həll edilməsində mənə əlavə stimul verir. Hesab edirəm ki, hələ qarşıda görəcəyimiz işlər çoxdur. Zaman gəldikcə, imkanlarımız artdıqca digər problemlərin də həllini həyata keçirə biləcəyik.

– Bu da sirr deyil ki, deputatdan ən çox narazılıq fərdi problemlərin həllinə görə olur. Şəxsi məsələlərlə bağlı müraciətlərə necə baxırsız?

– Mən 2015-ci ilin parlament seçkilərində seçicilərimlə görüşəndə də deyirdim ki, fərdi xahişlərin yox, kollektiv mahiyyət daşıyan xahişlərin həyata keçirilməsinə çalışacağam. Parlament fəaliyyətim dövründə də şahid oldum ki, əgər bir fərdin hansısa xahişini həyata keçirə bilirsənsə, başqa bir fərdin başqa formada olan xahişini həyata keçirə bilmirsənsə, o fərd səndən narazı qalır. Ümumi xahişləri yerinə yetirmək isə ona görə asandır ki, xahiş edənin şəxsi marağı yoxdur. Həmin xahişləri əlaqədər qurumlara, məsul şəxslərə çatdırmağa da utanmırsan. Çünki belə xahişlər qınaq yox, rəğbət yaradır. Həllini tapanda da faydalanan insanların sayı çoxalır. Tutaq ki, İsmayıllının hansısa kəndində yaşayan 60 laçınlı ailənin, orta hesabla 300 nəfərin yol problemi var. Bu problemi müvafiq orqanların qarşısında qaldırıb həllinə nail olanda 60 ailə yararlanır. Oxşar hallarla vaxtaşırı rastlaşırıq. Beyləqanın bir kəndində 16 ailəyə işıq transformatoru lazım idi. Problemi həll edə bildik. Lakin ola bilsin ki, həmin 16 ailədən hansınınsa fərdi xahişini isə müəyyən səbəblərdən yerinə yetirmək mümkün olmayıb. Xalqımızın həssas təbəqəsi olan şəhid ailələrinin, Qarabağ əlillərinin və veteranlarının fərdi xahişlərinə münasibətim isə tamamilə fərqlidir. Vətən uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin ailə üzvlərinə, Vətən savaşında sağlamlıqlarını itirən qazilərimizə maddi və mənəvi dayaq durmaq hər birimizin müqəddəs borcudur. Düşünürəm ki, bir tərəfdən, dövlətimizin diqqət və qayğısı, digər tərəfdən, şəxsi nüfuzumuz, dostlarımızın qaldırılan problemlərə müsbət münasibət bildirməsi sayəsində bu kateqoriyadan olan insanların xahişlərini mümkün qədər həll edə bilmişik. Əlbətdə, həllini tapmamış problemlər də kifayət qədərdir. Nə qədər ki cəmiyyət var, insan var, problemlər də olacaq. Bizim üzərimizə düşən isə yorulmadan çalışmaqdır.

– Milli Məclisdə fəaliyyətiniz necə yadda qaldı? Nələri edə bildiniz, nələri etməyə çatdırmadınız? Seçicilərinizlə təmaslarınız hansı səviyyədə baş tutdu? Əgər yenidən seçilsəniz nələri həyata keçirməyi planlaşdırırsız?

– Parlament həyatına qədəm qoyduqdan sonra çalışdıq ki, millətimiz üçün, bizi seçən insanlar üçün əlçatan olaq. Bu əlçatanlığın vasitələri telefonla əlaqələr, sosial şəbəkələr, Milli Məclisdə, laçınlıların kompakt yaşadığı yerlərdə keçirilən qəbullar, eləcə də xeyir-şər məclislərində olan görüşlərdir. Çalışdıq ki, insanlarla münasibətlərimizi dəqiq quraq. Amma etiraf edim ki, təmaslarımız yenə istədiyimiz səviyyədə deyil. Təbii ki, bu aktivliyi artırmaq lazımdır. Məsələ burasındadır ki, Laçın rayonunun insanlarının yerləşməsi də digər məcburi köçkün rayonlarının yerləşməsindən çox fərqlidir, dağınıqdır. Əhali 58 rayonda məskunlaşıb. Məsələn, Lənkəranda bir laçınlı ailə yaşayır, Zabux kəndindəndir. Orada 42 ailə üçün tikilən binada həmin ailəyə də mənzil ayrılacaq. Cəlilabadda məskunlaşan 3-4 laçınlı ailə ilə də görüşmüşük. Onlardan biri Kürdəmirdə, digərləri isə öz istəklərinə uyğun olaraq Ağdamda salınmış qəsəbədə, Cəlilabadda mənzillə təmin olunacaqlar. Xaçmaz rayonunda Laçından cəmi 12 məcburi köçkün ailəsi var. Bu ailələrlə gedib görüşmək, onların problemlərini dinləmək həm vaxt, həm fiziki baxımdan çətin olsa da, imkan daxilində əlaqə qurmağa çalışmışıq. Kompakt yaşayan məcburi köçkünlərimizlə əlaqə yaratmaq isə daha rahatdır. İndi seçki ərəfəsindəyik. Ən çox seçki məntəqəsi də Laçın rayonundadır, 100-dən artıq məntəqəmiz var. Hətta əhalisi, seçiciləri rayonumuzun əhalisindən, seçicilərindən çox olan digər məcburi köçkün rayonlarının seçki məntəqələri bizdəkindən azdır. Onu da vurğulayım ki, Azərbaycanın həyatında yeni bir dönəm başlayır. Biz Laçın rayonundan olan gənclərin potensialından yetərincə istifadə etməliyik. Onları rayonumuzun elm, təhsil, mədəniyyət, iqtisadiyyat, sahibkarlıq və digər sahələrdə tanınmış insanları ilə görüşdürməyi planlaşdırırıq. Həm biri-birinə həyat təcrübəsini aşılaya bilsinlər, həm də şəxsi münasibətləri yaransın. Rayonumuzun ölkə miqyasında sayılıb-seçilən insanlarına oxşamaq istəsinlər. Bundan əlavə, məcburi köçkün qəsəbələrində məşğulluğun artırılması, pulsuz xarici dil kurslarının təşkili də gələcək planlarımıza daxildir. Bir prizmadan baxanda 4 il yarım o qədər də böyük zaman məsafəsi deyil, amma başqa prizmadan baxanda həm də xidmət üçün böyük bir zamandır. Elə məsələlər var ki, həll etmişik, elə məsələlər var ki, təməl prinsipini qoymuşuq. Bəzi arzularımız da var ki, zamanı yetişəndə yerinə yetirəcəyimizə inanırıq.

– Son olaraq seçicilərinizə və siyasi rəqiblərinizə sözünüz...

– Seçicilərimə, həm də siyasi rəqiblərimə sözüm ondan ibarətdir ki, bu seçki prosesində aktiv olsunlar. Seçkidə iştirak etmək bir vətəndaşlıq borcudur. Kimə səs vermələrindən asılı olmayaraq, seçici fəallığı nümayiş etdirməlidirlər. Seçki qutusunun başında fikirləşməyə də vaxtları olacaq. Onları parlamentdə ləyaqətlə təmsil edəcəklərinə inandıqları, axtaranda tapa biləcəkləri, xeyirdə-şərdə yanlarında olan, şəhid ailələrinə ehtiram göstərən, Qarabağ əlilinin probleminə biganə qalmayan insanı seçərək ən layiqli namizədə səs versinlər. İnanıram ki, Laçın rayonunun sakinləri, bütün seçkilərdə olduğu kimi, qarşıdakı seçkidə də öz seçici mədəniyyətini nümayiş etdirərək bu fəallığı qoruyub saxlayacaqlar. Öz rəqiblərimə də uğurlar arzulayıram. Qoy ən güclü qalib gəlsin.

Arif MƏMMƏDLİ
Laçın yurdu – №1(24), 2020

____________________________________________________________________________________________________

Bu soyadı kim daşıyacaq? — Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO

$
0
0
Bu soyadı kim daşıyacaq? —  Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTOHəyat olduqca rəngarəng və qəribədir. Bu rəngarənglik və qəribəlik içərisində ən çətin şey insanları yaxından tanımaq və onların qəlblərini oxuyub duymaqdır. Bəzən sənin hər gün qarşılaşdığın, olduqca sadə bir insan kimi tanıdığın bir şəxslə yaxından həmsöhbət olanda, onun daxilində qərar tutan nəcib vətən eşqini hiss edəndə onu gec tanıdığına çox-çox təssüflənirsən.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və işğal edilmiş torpaqların azğın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən yüzlərlə belə el oğulları olmuşdur. Bu cür insanların həyat və fəaliyyətinə diqqət edəndə görürsən ki, onların həyatı, yaşayışı, əmək fəaliyyəti, hətta ölümü belə digərlərindən bir xeyli fərqlənir.

Belə qəhrəman vətən övladılarından, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fatehlərdən biri — Xəqani Axundovun tale yazısına, yarımçıq qalmış ömür yoluna nəzər salmaqla, bu yolu bir qədər işıqlandırmaqla öz daxili aləmimdə bir rahatlıq tapmaq istədim.

Xəqaninin hündürboyu, cüssəli, qaməti, enli kürəyi, zəhimli baxışları, iti addımları, enli biləkləri, həmişə qayğılı görünən gözləri, şair ruhlu xasiyyəti bu gündə mənim gözlərim qarşısındadır.

Xəqaninin atası Həsən kişi (Ağakişiyev Həsən Lələkişi oğlu, 1914 – 26.08.1980) Laçın rayonunun Kürdhacı kəndində anadan olmuş, oxumuş, xüsusi orta tibbi təhsil almış və tibb sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayan zaman qardaşı Ağakişi (Ağakişiyev Ağakişi Lələkişi oğlu) ön cəbhəyə yollansada arxa cəbhədə tibb işçilərinə olan güclü tələbatı nəzərə alıb Həsən kişini arxa cəbhədə saxladılar. Müharibənin başladığı ilk günlərdən Həsən kişi arxa cəbhədə fədakarcasına çalışmışdı. Asudə vaxtlarda əhali arasında siyasi tərbiyə və hərbi vətənpərvərlik mövzularında söhbətlər aparırdı. Bu xidmətlərinə görə 5 noyabr 1946-cı ildə "Böyük Vətən müharibəsində fədakar əməyə görə (1941-1945-ci illər)" medalı ilə, 9 may 1975-ci il tarixdə "Böyük Vətən müharibəsində qələbənin 30 illiyi (1941-1945-ci illər)" medalı ilə, eləcə də digər medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Böyük Vətən müharibəsi qurtardı, Ağakişi müharibədən geri dönmədi. Lələkişinin ocağında soyad daşımaq yükü Həsən kişinin üzərinə düşdü. Ailə qurdu, gözəl bir yaz günündə 1950-ci ilin 10 may tarixdə Həsən kişinin ocağında bir oğlan uşağı dünyaya göz açdı və atası ona Xəqani adını verdi.
Xəqanigil ailədə dörd övlad olmuşdular — 1 oğul, 3 qız. Xəqani ailənin ilk övladı idi.

Uşaqlıq illərini ata yurdu Kürdhacı kəndində keçirdi, orada böyüyüb boya-başa çatdı, ayaq tutub yeridi, dil açdı, 1957-ci ilin payızında Kürdhacı kənd ümumtəhsil orta məktəbinin I sinfinə getdi. Yazı-pozuya, oxumağa olduqca böyük marağı olan Xəqani hələ kiçik yaşlarından yaz-yay fəsillərini yaylaqda keçirdiyindən ərazidə ki, bütün yol-cığırı, bənd-bərəni ovcunun içi kimi tanıyardı. Yay aylarında yaylaqlarda gün-güzəran keçirən Xəqani mənfur qonşularımızdan erməni dilində danışmağı öyrəndi. Atasından ərəb qrafikası ilə yazıb oxumağı öyrənməyə başladı. 1967-ci ilin yazında Laçın rayon Kürdhacı kənd orta ümumtəhsil məktəbinin X sinifini müvəffəq qiymətlərlə bitirən Xəqani Axundov həmin il imtahan verərək 21 avqust tarixdə müvəffəqiyyətlə Şuşa Kənd Təsərüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. Təhsilini burada uğurla başa vuraraq Şuşa Kənd Təsərüfatı Texnikumunun həmin şöbəsini bitirmişdi.

1970-ci ildə hərbi xidmətə yola düşdü və Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək 1972-ci ildə dogma el-obasına, Laçına, Kürdhacı kəndinə qayıtdı. Kənddə "28 aprel kolxozu"nda ilk əmək fəaliyyətinə başladı.

Xəqani öz kəndinə, el-obasına çox bağlı bir insan idi. Şair olmasada onun qəlbi hər zaman el-oba, yurd həsrətli olduğundan bəzən qəlbində ki, hiss və düşüncələrini şerin dili ilə söyləməyə çalışmışdır. Bu gün həmin şerlərin bir hissəsi onun qayğılarından, həyatından bizlərə söhbət açır. Xəqanidə qəhrəmanlığın əsasını qoyan amillər —müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə sevgi hissi, bir sözlə desək vətənpərvərlik hissi çox güclü olmuşdur. Bunu "Vətən istəsə" adlı şerindən aydınca görmək olur.

Vətənin borcunu vermək çətindir,
Xəqaniyəm xoş əhvalım pozulub,
Şanlı oğulları dönməz, mətindir.
Nahaq ayaq tutub, qəlbim nazilib.

Elimə vurğunam, bu adətimdir,
Həftə aya, aylar ilə düzülüb,
Qanımla adını yazam, istəsə.
Namərd tab gətirməz, Vətən istəsə.


Tanış-biliş içində ciddi, tünd xasiyyətli, sözü bütöv, təvazökar olan Xəqani evdə, ailə üzvləri arasında səbrli, qayğıkeş, mülayim, mehriban xasiyyətli idi.
Artıq ərəb qrafikası ilə yazıb oxumaq qabiliyyətinə malik olan Xəqani rəvan Quran oxumağı da bacarırdı.

1992-ci ilin əvvəlləri — Vətənin, doğma yurdumuz Azərbaycanın başı üstünü artıq "qara buludlar" almışdı. Torpağı düşmən məngənəsində qalan, var-dövləti talan edilən, kənd-kəsəyi yandırılan, günahsız qohum-əqrabası şəhid olan, əsir götürülən, didərgin düşən Xəqani qəm-qüssə dəryasına qərq olmuşdu. Baş vermiş hadisələrə öz münasibətini bildirən Xəqani yas tutdu, saqqal saxladı. Bu işdən xəbərdar olmayan və saqqal saxlama səbəbini soruşan tanış-bilişə isə "Saqqalımı ermənilərə təmizlətdirəcəyəm" söylərdi.

Bu soyadı kim daşıyacaq? —  Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO

El-oba darda, vətən torpağı düşmən tapdağında olanda qəhrəman övladlara ehtiyac duyulur. Hər şey bir an içində, bir göz qırpımında baş verir. Həmin an kimliyindən aslı olmayaraq hər kəs ya qorxaq, ya da məğlubedilməz döyüşçü ola bilər. Qarabağda ermənilərin at oynatmasına, erməni vəhşilklərinə tab gətirə bilməyən el oğlumuz Xəqani Axundov ikinciyə üstünlük verərək, heç nə düşünmədən, hətta ailə üzvləri ilə məsləhətləşmədən Laçın rayonunda təşkil edilən, yeni yaranmış, hələ tam formalaşmamış könüllülər batalyonuna üzv yazılaraq əlinə silah alıb torpaqlarımızın müdafiəsinə qalxdı. Həmin gündən Xəqaninin yaşayış yeri cəbhə xətti, oylağı soyuq səngər, ovlağı döyüş meydanı oldu. Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbiçi kimi tanıtmışdır. Cəbhənin ən qaynar nöqtələrinə can atırdı. Yeni olmasına baxmayaraq, qısa müddətdə adı hərbi hissənin ən bacarıqlı kəşfiyyatçıları ilə eyni sırada çəkilirdi.

Hərbi Nizamnaməni yaxşı bilir və şəxsi heyyətlə iş aparmağı bacarır, ümumi mənafeyi şəxsi mənafedən üstün tutur, həmçinin tapşırılmış hərbi tapşırığı və verilən hər bir əmri qeyd-şərtsiz, vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirirdi.

Doğma vətəni olan Laçın torpaqlarının qəddar erməni quldurlarından təmizlənməsi işində çox fəal iştirak etmiş, şərəfli döyüş yolu keçmiş, kəşfiyyat bölüyünün əsgərləri arasında daha çox hörmət qazanmış Xəqani tezliklə həmin bölüyə komandir təyin edilir. Kəşfiyyat bölüyünün komandiri təyin olunduqdan sonra özünü döyüşçülərə qorxmaz, cəsur, ağıllı və bacarıqlı bir komandir kimi tanıtdı. Ən çətin kəşfiyyat tapşırıqları Xəqaniyə etibar edilirdi. Onun topladığı hərbi sirlər, düşmənin ən gizlin mövqeləri haqqında gətirdiyi informasiyalar çox dəqiq və düzgün olurdu. Komandir kimi əsgərlərlə birlikdə düşmənə qarşı bir çox döyüş əməliyyatlarında fəal iştirak edərək uğurlar qazanmışdır. Hissə komandiri P.Süleymanovun Xəqani Axundov haqqında qaldırdığı vəsadəti oxuyaraq belə nəticəyə gəlmək olur ki, o, cəsur, iradəli, ağıllı komandir kimi çətin məqamlarda heç vaxt özünü itirmir, ağıllı, məqsədyönlü qərar çıxarmağı bacarır. Elə bu səbəbdəndə döyşçülər hər zaman bu bölüyün şəxsi heyyətində kəşfiyyata getməyə can atırdılar. Ağdərənin Dovşanlı, Vəngli, Qızılqaya, Qozlu yaşayış məntəqələri, Laçın rayonunun Ərdəşəvi, Qozlu, Fingə, həmçinin Sarıbaba uğrunda gedən döyüş əməliyyatlarında Xəqani və onun komandiri olduğu bölük xüsusi ilə fərqlənmiş, fədakarlıqları ilə seçilmişlər. Qərargah rəisi Kərimov Mahir Fərhad oğlunun bildirdiyinə görə Xəqaninin başçılıq etdiyi bölüyün qüvvəsi hesabına ermənilərin canlı qüvvələri barədə həmişə onların qərargahı dəqiq məlumatlar əldə etmişdir.

Kəşfiyyat bölüyünə komandir təyin edildikdən sonra Xəqani bölüyün atla təmin edilməsi təklifini irəli sürdü və məqsədinə nail olmaq üçün çalışdı. Atların əldə edilməsi, saxlanılması və yemlə təmin edilməsi işini öz öhdəsinə götürdü. Beləliklə kəşfiyyat bölüyünü atla təmin üçün ilk addım olaraq bir neçə at əldə edildi. Düşmənlərin tutduğu mövqenin arxasına keçən ilk atlı kəşfiyyat bölüyünün üzvləri gecələr atla daha uzaq məsafələri qət edir, bölük komandiri Xəqan erməni dilini yaxşı bildiyindən düşmənin hərbi və mülki sirrlərini araşdırmaq üçün hətta ermənilərlə müxtəlif ərazilərdə dəfələrlə söhbətlər aparmış, geri dönərkən hərbi sirlərlə yanaşı qənimət kimi "canlı dil"də gətirərdi. Bir çox hallarda düşmənin canlı qüvvəsi onun komandanlığı altında elə yerindəcə məhv edərdi.

Keçirilən bütün hərbi əməliyyatlar zamanı ön cərgədə olan Xəqani Axundova Azərbaycan Respublikası müdafiə Nazirliyinin 31 dekabr 1992-ci il tarixli 01555PM saylı əmri ilə kizir rütbəsi verildi.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər Ağdərə rayonunun Qozlu, Qızılqaya kəndlərini böyük qüvvə ilə müdafiə edir, bu ərazilərdə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar. Bunun qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri 1992-ci ilin yayında təşkil etdiyi hücum zamanı həmin əraziləri erməni işğalçılarından təmizləməyə başladı. Bu kəndlərlə bərabər bu ərazilərə yaxın olan kəndlərin erməni separatçılarından təmizlənməsində Xəqani xüsusi fəallıq göstərmişdir. 1993-cü ilin fevral ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri yenidən hücuma keçərək Qozlu, Qızılqaya kəndlərini yenidən işğal etməyə çalışırdı.

Bu vaxt Xəqani növbəti məzuniyyətə buraxılmışdı. Ana-bacı, qohum-əqraba, tanış bilişlə görüşən qəhrəman döyüşçü 9 fevral 1993-cü il tarixdə axşam televizorda gedən xəbərlərə qulaq asarkən öz eşitdiklərinə inana bilmədi. Uğrunda döyüşüb erməni qəsbkarlarından qarış-qarış təmizlədiyi torpaqlar düşmən tərəfindən yenidən ələ keçirilmişdir. Şən əhval-ruhiyyəsi olan Xəqaninin qaşları çatıldı, baxışları qəzəblə doldu, hirsindən dodaqları titrədi. Naxoş olmasına baxmayaraq gecəni yola çıxmağa çalışdı. Nəqiliyyat vasitəsinin olmaması səbəbindən burada gecələyən Xəqani səhəri bir təhər — sanki tikan üstündə dayanırmış kimi narahat qarşıladı. Səhər erkən, hava işıqlanar-işıqlanmaz döyüş bölgəsinə yollandı.

Qızılqaya və Qozlu kəndləri istiqamətində qızğın döyüşlər gedirdi. Ordumuz Qızılqaya kəndinə üç istiqamətdən hücuma keçmişdi. Xəqaninin başçılıq etdiyi bölük döyüşə sağ cinahdan nəzarət edirdi. Döyüşə qatılan Xəqani ilk andan düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Döyüşçülərimiz ölümün gözünə dik baxaraq, düşmənlərin hücumunu dəf etməyə çalışırdılar. Düşmənə bir daha öz gücünü göstərən Xəqani döyüşçülərimizin tutduqları mövqeyə doğru hərəkət edən düşmənin zirehli maşınını sıradan çıxardı. Xeyli davam edən ölüm-dirim mübarizəsində qəhrəman döyüşçü neçə-neçə düşmən əsgərini yerə sərsədə sonda düşmən gülləsi qəhrəman vətən övladından yan keçmədi, Xəqani çox ağır yaralandı.

Ölüm qabağı hər kəs bir iztirab hissi keçirir, xəyalı ona əziz olan kəsləri axtarır, soraqlayır; ya ata-anası, ya deyiklisi, ya da övladları yada düşür, bir anlıq ona doğma olan hər hansı bir hissi yaşayır. Ancaq Xəqani ölümün caynağında belə bu hisslərdən çox-çox uzaqda olmuş, Vətən, Yurd eşqi hər bir hissdən ona əziz olmuşdur. Bölük komandiri leytenant Məmmədov Canpolad Səlim oğlunun təqdim etdiyi təriqədən oxuyuruq: "Yaralanandan sonra 10 dəqiqəyə qədər yaşadı. Onda da döyüşçülərə mövqe tutmağı əmr etdi." Azğın erməni cəlladları ilə son nəfəsinə qədər döyüşən mətin, mübariz eloğlumuz Vətən eşqini şəxsi mənafeyindən üstün tutdu. Döyüşçü dostları onun həyatını xilas etməyə çalışsalarda güllə öz işini görmüşdü, məğrur və döyüşkən eloğlumuzu ölümün cəngindən almaq mümkün olmadı. Kəşfiyyat bölüyünün cəsur komandiri, gizir Xəqani Həsən oğlu Axundov 10 fevral 1993-cü il tarixdə Qızılqaya kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır yaradan qəhrəmancasına həlak oldu. İgid döyüşçünün şücaət göstərib qəhrəmanlıqla şəhid olması xəbəri həmin gün bütün cəbhə boyu yayıldı. Həmin gün Xəqanigilin ailəsinə bu bəd xəbəri hərbi hissədən telefon vasitəsi ilə çatdırdılar. Laçın rayonunun Ərdəşəvi kəndindən başlayan şərəfli döyüş yolu Ağdərədə, Qızılqaya kəndi ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla sona yetdi. Axundovlar ailəsinin soyadını davam etdirəcək yeganə insan — Xəqani torpaq, vətən yolunda həyatla vaxtsız vidalaşdı.

Xəqani yaradıcılığının bəhrəsi olan, bacılarına xitabən yazdığı "Axtarsın məni" adlı şeri məncə bu məqamda yada salmaq çox yerinə düşərdi.

Uç ey məktub xəbər apar bacıma,
Qəlbində əbədi saxlasın məni,
Köçüb getdim, bəlkə birdə görmədim,
Hərdən qardaş deyib ağlasın məni.

Köçüb getdim, bəlkə birdə görmədim,
Hərdən qardaş deyib ağlasın məni.
Nə vaxt yada salsa, dilə gətirsə,
Sansın hələ sağam, haylasın məni.

Kəmfürsət fələyin əlində qulam,
Özüm təbiətə elə vurğunam.
Ümmandan buğlanıb dolmuş buludam,
Quraq səhralarda axtarsın məni.


Özü ilə bağlı kədərli və kövrək xatirələr qoyub gedən Xəqani təkcə bacılarının qəlbində deyil, Qasımuşağı obasının əhalisi timsalında bütün laçınlıların qəlbində əbədi yaşayacaqdır. Bu gün də onun vətən sevgisi, yurd həsrəti, el-oba qayğısı hər kəsin yadındadır və bu qəhrəman el oğlu indi də sevilir, unudulmur və unudulmayacaq.
Subay idi. Evdə ana və bacıları dəfələrlə təkid etsələrdə evlənməmiş, istəklisi olsada ailə qurmamışdı.

1993-cü il fevral ayının 12-sində Xəqaninin cənazəsi Bakının Səbail rayonunun ərazisində yerləşən Şəhidlər Xiyabanında dəfn edildi. Bir iradəli, igid, cəsur vətən övladı doğmalarla, qohum-əqraba ilə vidalaşdı, ana torpağa tapşırıldı. Görəsən bu məğlubiyyətmi? Xeyr, bu bizim – döyüşən mərd oğlulların məğlubiyyəti deyil. Şəhidlik ali, əlçatmaz zirvədir, ölümsüzlükdür. Döyüşən cəsur igidlərimiz heç kimin torpağına hücum etməmiş, əksinə, Vətənimizə, üzərinə şəhid qanı axıdılmış torpaqlarımıza sahib çıxmağa çalışan qarı düşmənin qarşısına alnıaçıq, üzüağ çıxaraq Vətən, torpaq yolunda döyüşdülər. Onlar həyatlarını qurban verərək ölümsüz bir həyat qazanaraq əbədiyyətə qovuşdular.

Qarabağ bölgəsində gedən ağır döyüş əməliyyatlarında rəşadət göstərən igid bir döyüşçünün şərəfli döyüş yolunun son səhifəsi bax beləcə tamamlandı. Xəqani Axundovun keçdiyi şanlı döyüş yolu digərləri üçün örnək olmaqla yanaşı onun qəhrəmanlığı, igidliyi, mərdliyi komandanlıq tərəfindən hələ sağlığında dəfələrlə yüksək qiymətləndirilmişdir. Ancaq muqəddəs amal, müqəddəs vətən torpağının toxunulmazlığı uğrunda vuruşan Xəqani heç vaxt ad-san, şan-şöhrət üçün vuruşmadı.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2257 saylı sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə gizir Axundov Xəqani Həsən oğlu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Cavanşirlər, Babəklər, Koroğlular soyundan olan azərbaycanlı oğullar Vətənin bir qarış torpağı üçün bu torpağı qanları ilə suvarıb, həyatlarını qurban verdilər. Təəsüflə deməliyik ki, bu gün Xəqani kimi yüzlərlə vətənpərvəri olan doğma Vətənimizin torpaqları hələ də işğal altındadır, əsirlikdə olan qız-gəlinlərin yollara dikilən baxışları hər zaman bizləri, Vətən oğullarını axtarır, gözləri həsrət dolu yollara dikilib. Odur ki, mətin və iradəli olmaq, igid, qəhrəman oğullarımızın döyüş yollarını davam etdirmək bu günkü gəncliyin, qorxmaz, cəsur vətən övladlarının çiynində ağır bir yük olaraq qalır.

Tarix boyu cəmiyyətin inkişafı zamanı yer üzünün əşrəfi olan insanlar şəhidlərə nümunə kimi baxmış və onlardan ibrət almağa çalışmışlar. Bizim də yeganə təsəllimiz ondan ibarətdir ki, şəhidlərimiz Azərbaycanın müstəqilliyi, sərhədlərimizin tamlığı, torpaqlarımızın azadlığı uğrunda cismən həlak olublar, mənən isə onlar bizlərin
Bu soyadı kim daşıyacaq? —  Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTOqəlbində əbədiyaşardır. Nə qədər Vətən var, biz yaşayırıqsa şəhidlərimiz yaşayacaqdır. Və sonda inanırıq ki, vaxt gələcək düşmən tapdağında olan torpaqlarımız azad ediləcək, erməni terrorçularının ayağı Qarabağ adlı torpaqlara bir daha dəyməyəcək.

Şair ruhlu döyüşçü həmyerlimiz Xəqani Axundova allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun! Biz hər birimiz Səninlə qürur duyuruq…!

Sultan HÜMBƏTOV
Laçın yurdu - №1(8), 2013-cü il, səh.52

____________________________________________________________________________________________________
Viewing all 23 articles
Browse latest View live